AZWUG/İdarə heyəti seçkiləri
"Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun idarə heyətinə seçkilər buradakı qaydalar əsasında Vikimedia Fondunun "tək transfer edilə bilən səs" siyasətinə uyğun olaraq aparılır (ətraflı). Mövcud qaydalara əsasən səsvermədə yalnız istifadəçi qrupunun üzvləri iştirak edə bilərlər. İdarə heyətinə namizəd olan şəxslər seçkilərdə özlərini dəstəkləyə bilməzlər.
Qeyd: Praktiki təlimat üçün videoya baxa bilərsiniz. Hər seçici idarə heyətinə ən çox münasib gördüyü namizədi ilk, ən az münasib gördüyü namizədi isə son sırada göstərir. Səsvermə prosesi gizli qaydada aparılır və istifadəçilərin kimə səs verdiyini yalnız Vikimedia Fondunun nümayəndələri görə bilir. Sonda nəticələr Vikimedia Fondunun nümayəndəsi tərəfindən elan edilir.
- Seçkidə iştirak üçün keçid (hal-hazırda namizədlik və müzakirə dövrü olduğu üçün keçid yoxdur).
Namizədlər
[edit]Uzun illərdən sonra nəhayət ki, istifadəçi qrupunun işlək vəziyyətə gətirilməsi çox gözəl addım oldu. Ötən illərdə Vikipediyada və digər layihələrdə onlayn fəaliyyətim çox olub, həmçinin oflayn tədbirlərdə də iştirak etmişəm. Keçən ilin yayında Vikipediyada inzibatçı statusundan könüllü imtina etdim. Qarşıdakı illərdə daha çox oflayn fəaliyyət göstərərək Vikipediyanın və digər layihələrin inkişafına dəstək ola biləcəyimi düşünürəm. Ona görə idarə heyəti seçkilərində namizəd olmağı qərara aldım.--Eminn (talk) 09:41, 12 November 2025 (UTC)
Müzakirə
[edit]Vikimedia layihələrinə olan marağım, həm onlayn, həm də offlayn mühitdə işləmək və icmayanın inkişafına vermək istəyi məni istifadəçi qrupunun idarə heyətinə namizəd olmağa sövq etdi. Fəaliyyətim ərzində Vikipediyada texnoloji yeniliklər, dizayn və məzmunun inkişafı istiqamətində müxtəlif təşəbbüslərdə iştirak etmişəm. İcmanın daha da güclənməsi, gənclərin və yeni istifadəçilərin bu mühitə cəlbi, eləcə də beynəlxalq tədbirlərdə qazanılan təcrübənin yerli müstəviyə gətirilməsi mənim üçün prioritetdir. İdarə heyətinə seçildiyim təqdirdə bu istiqamətlərdə daha sistemli şəkildə işləyərək Azərbaycan Vikimedia icmasının həm yerli, həm də beynəlxalq səviyyədə daha tanınan və dinamik bir qrupa çevrilməsinə töhfə vermək istəyirəm. – Toghrul R (talk) 10:12, 12 November 2025 (UTC)
Müzakirə
[edit]İstifadəçi qrupumuzun qurucularından biri kimi, idarə heyətinin qurulması prosesini də dəstəkləyirəm və hesab edirəm ki, bu proses sonda az-vikinin inkişafına töhfə verəcəkdir. İstifadəçi qrupunun mövcud olduğu son 11 ildə az-vikidə bir çox fəaliyyətlər icra edilib və həm yeni istifadəçilərin cəlb edilməsi, həm də Vikipediyanın, habelə digər vikilayihələrin cəmiyyətdə təbliği baxımından bir çox işlər görülüb. Həmin işlər arasında mövzulu ayların təşkili, regional və qlobal məqalə müsabiqələrində az-vikinin müntəzəm iştirakı, vikidüşərgələrin təşkili, hər il müxtəlif viki tədbirlərə az-vikidən nümayəndələrin seçilməsi və ya tərəfimizdən bu istiqamətin təbliği nəticəsində daha çox istifadəçinin öz şəxsi təşəbbüsləri ilə belə tədbirlərə müraciət və iştirak etməsi, sosial şəbəkələrdə istifadəçi qrupumuzun səhifələrinin yaradılması və çox da aktiv olmasa da, bu illər ərzində işlək vəziyyətdə qalması, bəzi dövlət və qeyri-dövlət qurumları ilə Vikipediyanın təbliği sahəsində birgə tədbirlərin keçirilməsi, o cümlədən, Gənclər və İdman Nazirliyi ilə birlikdə bəzi vikidüşərgələrimizin, İsveç səfirliyi ilə WikiGap tədbirlərinin və QHT-lərə dəstək Agentliyi ilə birgə layihələrimizin və s. icrasını misal çəkə bilərəm. Bu cür fəaliyyətlərin daha da təşkilatlanmış şəkildə, hər kəsin təşkilat daxilində vəzifələrinin dəqiq sərhədləri müəyyən olunmaqla icrası, fikrimcə bu fəaliyyətlərin keyfiyyətinin artmasına səbəb olacaqdır. Az-vikidə istifadəçi qrupu quruculuğu prosesinin daimi iştirakçısı kimi bundan sonra da bu işlərdə dəstək göstərməyə hazıram.--Wertuose (talk) 10:33, 12 November 2025 (UTC)
Müzakirə
[edit]Burada namizədlik vermiş hər bir istifadəçinin həm onlayn, həm oflayn töhfələri ilə kifayət qədər tanışam. Sadəcə məni Wertuose ilə bağlı bu məsələ narahat edir. Belə görürəm ki, əhəmiyyət verən yoxdur. Mən yenə də qeyd edim. Sincerely, Qədir (talk) 02:34, 29 November 2025 (UTC)
On ilə yaxındır ki, Vikimedia layihələrində könüllü olaraq fəaliyyət göstərirəm. Bu fəaliyyət həm onlayn, həm də offlayn sferada olmuşdur. Daha dərindən bu layihəyə töhfə vermək üçün istifadəçi qrupunun idarə heyətinə namizəd oluram. Əvvəllər inzibatçı idim, lakin keçən il bundan özüm imtina etdim, bəlkə gələcəkdə yenə namizəd olaram. Hər halda, fəaliyyətim dövründə minlərlə məqalə yazmışam, çoxlu sayda seçilmiş məzmun yaratmışam, Azərbaycandaxili tədbirlərin təşkilində iştirak etmişəm, beynəlxalq konfranslarda iştirak etmiş, təcrübələrimi icmada bölüşmüş və tətbiq etmişəm. İdarə heyətinə seçilərək icmanın daha da təşkilatlanmasında, əsas da qonşu icmalarla nisbətdə inkişafa rol oynayacağam. --► Sincerely: ChanisChanisCaucasi 14:26, 15 November 2025 (UTC)
Müzakirə
[edit]Azərbaycanca Vikipediya 2010-cu ildən istifadəçi, 2013-cü ildən isə inzibatçı kimi fəaliyyət göstərirəm. Həmçinin Vikimənbə və Vikisitatda da aktivəm, həm də o layihələrdə də inzibatçıyam. Bir dəfə beynəlxalq, bir neçə dəfə isə yerli düşərgə və konrslarda iştirak etmişəm. Vikiistifadəçilərin çoxu məni tanıyır. Namizəd olmaqda məqsədim hər zamankı kimi Azvikini inkişaf etdirməkdən ibarətdir. Yeni istifadəçilərin cəlb edilməsi, layihələr həyata keçirmək və s. --Araz Yaquboglu (talk) 13:14, 21 November 2025 (UTC)
Vikimedia hərəkatında artıq 7 ildir ki, fəal şəkildə iştirak edirəm. Bu müddət ərzində əsasən Azərbaycanca Vikipediya, Vikidata və Vikianbar layihələrində fəaliyyət göstərmişəm. Hazırda Vikipediyada inzibatçıyam (və interfeys inzibatçısı) və həm məqalələrin yaradılması və inkişafı, həm də texniki və təşkilati işlərlə məşğul oluram.
Onlayn fəaliyyətimlə yanaşı, müxtəlif vikidüşərgə və icma görüşlərində iştirak etmişəm. 2024-cü ildə keçirilmiş Şəki vikidüşərgəsində təşkilatçı kimi yer almağım mənə icma daxilində koordinasiya, planlaşdırma və oflayn fəaliyyətlərin təşkili sahəsində praktik təcrübə qazandırıb. İdarə heyətinə namizəd olmaqda əsas motivasiyam texniki biliklərimi (kodlaşdırma, dizayn və texnoloji həllər) və beynəlxalq əlaqələrimi icmanın inkişafına yönəltməkdir. Vikimedia Fondunun texniki komandaları və üzvləri ilə əlaqələrim mövcuddur və bu əlaqələrin yerli icmanın potensialını artırmaq üçün faydalı ola biləcəyini düşünürəm. Bu günə qədər istifadəçi qrupumuzda aktiv idarə heyətinin olmaması səbəbindən fəaliyyətlər əsasən xarici təşəbbüslər çərçivəsində həyata keçirilib, yerli təşəbbüslər isə məhdud olub. Eyni zamanda, ölkədə Vikipediya və Vikimedia layihələri barədə ictimai məlumatlılıq istənilən səviyyədə deyil. Sosial şəbəkələrdə qeyri-peşəkar və passiv fəaliyyət də bu problemin əsas səbəblərindən biridir.
İdarə heyətinə seçiləcəyim təqdirdə əsas məqsədlərimdən biri müsabiqələrin daha sistemli və davamlı şəkildə keçirilməsi olacaqdır. Bu istiqamətdə texniki və təşkilati təşəbbüslər göstərmişəm. Məsələn, "Viki Abidələri Sevir" müsabiqəsi üçün wikilovesmonuments.az saytını yaratmışam. Hesab edirəm ki, bu cür lokal texniki həllər müsabiqələrin tanıtımını gücləndirə, iştirakçı sayını artıra və icmanın fəaliyyətini daha peşəkar şəkildə təqdim edə bilər. Bununla yanaşı, məqsədim istifadəçi qrupunun fəaliyyətini daha təşəbbüskar və görünən formaya salmaq, sosial media və ictimai tanıtımı gücləndirmək, həmçinin Azərbaycanda beynəlxalq və regional Vikimedia tədbirlərinin keçirilməsinə nail olmaqdır. CEE Meeting, regional və lokal konfranslar, hakatonlar və gələcəkdə Vikimaniya kimi tədbirlərin ölkəmizdə təşkilinin mümkün və real hədəf olduğuna inanıram. Nemoralis (talk) 20:17, 13 December 2025 (UTC)
Müzakirə
[edit]Vikimedia layihələrində uzun müddətdir həm onlayn, həm də oflayn müstəvidə fəal şəkildə iştirak edirəm. Son illər ərzində müxtəlif vikitədbirlərdə — beynəlxalq konfranslarda, seminarlar və düşərgələrdə iştirak etmiş, bu tədbirlərin yerli icmaya inteqrasiyası istiqamətində çalışmışam. İstifadəçilərə təlimlər keçmiş, xüsusilə gənclərin və yeni redaktorların Vikipediyaya cəlb olunması üçün ardıcıl fəaliyyət göstərmişəm. Eyni zamanda, müxtəlif qurumlar ilə birgə təşkil edilən layihələrdə iştirak etmiş, Vikipediyanın təbliği və məlumatlandırma sahəsində aktiv olmuşam. Hazırda ölkə daxilində regionlarda Vikicmanın genişləndirilməsi, məzmun keyfiyyətinin artırılması və beynəlxalq təcrübənin Azərbaycan Vikimedia icmasına ötürülməsi mənim üçün öncəlik təşkil edir. İcmanın inkişafına olan motivasiyam və davamlı fəaliyyətim idarə heyətində daha geniş miqyasda töhfə verəcəyimə inam yaradır. Bu səbəbdən idarə heyəti seçkilərində namizədliyimi irəli sürürəm. Təşkil etdiyim və edəcəyim müxtəlif viki tədbirlər vasitəsilə bir çox könüllü gəncin icmaya cəlb olunmasına nail olmuşam. Bir çox universitetlərdə tələbələr üçün keçdiyim təlimlər Vikipediyanın təbliği və yeni istifadəçilərin icmaya qazandırılması baxımından mühüm rol oynayıb. İdarə heyətində olmaqla, bu istiqamətdə fəaliyyətlərimi daha sistemli şəkildə davam etdirməyi və icmanın inkişafına daha geniş miqyasda töhfə verməyi hədəfləyirəm.--A.Aida88 (talk) 14:18, 14 December 2025 (UTC)
Müzakirə
[edit]Namizədlərə ümumi suallar
[edit]Sədrin seçilməsi
[edit]Qeyd: "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun sədri istifadəçi qrupunun idarə heyətinin qərarı ilə seçilir.