Fundraising 2010/Appeal/az

From Meta, a Wikimedia project coordination wiki

On il əvvəl insanlara Vikipediya haqqında danışmağa başlayanda, mənim dediklərim ciddi qarşılanmırdı.

Məsələn, biznesdən başı çıxanlar "dünyanın dörd bir yanından olan könüllülərin yalnız və yalnız digər insanlara çatdırılması üçün insan biliklərinin möhtəşəm toplusunun yaradılması məqsədilə birləşib əl-ələ verə biləcəkləri ideyası"na bədbin yanaşırdılar.

Reklamsız. Təmənnasız. Fəaliyyət proqramı olmadan.

İndi, Vikipediyanın yaranmasından on il sonra ayda 380 milyon insan — təxminən, bütün dünyadakı internet istifadəçilərinin üçdə biri ondan faydalanır.

Hazırda Vikipediya dünyada məşhurluğuna görə beşinci saytdır. Digər 4 sayt milyardlarla sərmayə, nəhəng təşkilati personal və davamlı marketinq fəaliyyəti hesabına yaradılıb və mövcudluğunu qoruyub saxlayır.

Amma Vikipediya kommersiya saytlarına bənzəmir. O, hər bir üzvünün könüllü olaraq öz töhfəsini verdiyi cəmiyyətin övladıdır. Siz — bizim cəmiyyətin bir hissəsisiniz. Və mən bu gün Sizə Vikipediyanı qorumanız və ona dəstək olmanız üçün müraciət edirəm.

Biz birlikdə Vikipediyanın istifadəsinin hamı üçün pulsuz olmasını, reklam yerləşdirilmədən fəaliyyət göstərməsini təmin edə bilərik. Biz onu açıq ensiklopediya kimi qoruyub saxlaya, Siz də Vikipediyadakı məlumatlardan istədiyiniz kimi istifadə edə bilərsiniz. Biz Vikipediyanın inkişaf tempini bilikləri bütün dünyaya yaymaqla və hamını bu işdə bizə yardımçı olmağa dəvət etməklə təmin edə bilərik.

İldə bir dəfə biz Sizə və Vikipediyanın digər istifadəçilərinə ümumi işimizi cüzi ianələrlə dəstəkləməniz üçün müraciət edirik.

Əgər Siz informasiya və ilham mənbəyi kimi Vikipediyanı dəyərləndirirsinizsə — inanıram ki, dərhal bizim bu çağırışımıza qoşulmaq qərarı verəcəksiniz.

Ən xoş arzularla: Cimmi Ueyls, Vikipediyanın qurucusu

P.S. Vikipediya — bizim kimi insanların möhtəşəm işlər görməyə qadir olduğunu göstərən bir layihədir. Bizim kimi insanlar cümləbəcümlə Vikipediyanı yazır. Bizim kimi insanlar qəpik üstə qəpik qoymaqla Vikipediyanın mövcudluğunu təmin edir. Bu, bizim birlikdə dünyanı dəyişməyə qadir olduğumuzun bir sübutudur.